XƏBƏR
2-02-2019, 21:55

Əfqanıstan rəsmisi ABŞ-ı qoşunlarını bu ölkədən təcili çıxarmamağa çağırıb

Əfqanıstan rəsmisi ABŞ-ı qoşunlarını bu ölkədən təcili çıxarmamağa çağırıb
Əfqanıstanın Ali Sülh Şurasının sədri Ömər Daudzai bildirib ki, ABŞ qoşunlarının bu ölkədən sürətlə çıxarılması gərginliyi daha da artıra bilər.

Qərbinfo.az CNN-ə istinadla xəbər verir ki, Əfqanıstan rəsmisi Vaşinqtonun bu tələsik addımının boşluq yaradacağı və daha çox qan tökülməsi ilə nəticələnəcəyi qənaətindədir.

Bu yaxınlarda Qətərdə ABŞ rəsmiləri və “Taliban” hərəkatının təmsilçiləri arasında Birləşmiş Ştatların Əfqanıstanda 17 illik sülhməramlı missiyasının başa çatması ilə əlaqədar danışıqlar aparılıb. Rəsmi bəyanatlarda bu məsələ üzrə ilkin razılaşmaların əldə edildiyi və növbəti danışıqların fevralın sonunda yenidən Dohada keçiriləcəyi qeyd olunub. Əfqanıstan Prezidenti Zalmay Xəlilzad da ABŞ qoşunlarının bu ölkədən çıxarılması ilə bağlı məlumatları təsdiq edib. O əlavə edib ki, müzakirələrdə iki əsas məsələ - terrorla mübarizə və qoşunların çıxarılması ətrafında geniş fikir mübadiləsi aparılıb. “Lakin biz hələ konkret nəticələr əldə edə bilməmişik, Əfqanıstanın daxilindəki qüvvələr nisbəti və atəşkəsin təmin edilməsi danışıqların uğurla başa çatması üçün mühüm şərtlərdir”, -deyə Xəlilzad vurğulayıb.

Daudzai də Əfqanıstanın dövlət başçısının bu fikirlərini təsdiq edərək vurğulayıb ki, “Taliban” ABŞ qoşunlarının çıxarılmasının konkret vaxtının müəyyən edilməsini, Vaşinqton isə onların Əl-Qaidə və “İslam dövləti” ilə mübarizə aparmasını istəyir. Onun sözlərinə görə, tərəflər bu məsələlərdə yekun nəticə əldə etməyiblər. “Digər tərəfdən, “Taliban” əfqan hökuməti ilə üz-üzə danışıqlardan imtina edir. Onlar ehtiyat edirlər ki, bizimlə birbaşa danışıqlardan sonra komandirləri və əsgərləri arasında demoralizasiya başlaya bilər. Döyüşçülər sual verə bilərlər ki, sizin apardığınız danışıqların fonunda biz niyə hökumət qüvvələri ilə vuruşmalıyıq? Bu səbəbdən Prezident Trampın qoşunları təcili çıxarmağı ölkədə vəziyyəti daha da gərginləşdirə bilər”, -deyə əfqan rəsmisi sözlərinə yekun vurub.






Son Xəbər