XƏBƏR, SOSİAL
2-02-2019, 15:23

“Azercell”dən sahibkar xanımlara dəstək

“Azercell”dən sahibkar xanımlara dəstək
Ölkəmizdə sahibkarlıq ekosistemini inkişaf etdirmək və biznes sahəsində yeniliklərə təkan vermək məqsədilə “Azercell Telekom” MMC tərəfindən 2009-cu ildə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir layihəyə dəstək verir. Mərkəz təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı və ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutan “Sosial Sahibkarlıq Laboratoriyası” proqramında yaxından iştirak edir. Belə ki, layihə çərçivəsində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində təcrübə klinikası təşkil olunub. İki gün davam edəcək təcrübə proqramında Bərdə, Mingəçevir, Ağdam və Yevlaxdan olan 15 gənc qadın sosial sahibkarlığa dair mövcud imkanlar, maliyyə resursları və bu sahə ilə bağlı digər məlumatları əldə edə biləcəklər. Təcrübə zamanı Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar, eləcə də “Coca-Cola” şirkətinin nümayəndələri bu istiqamətdə həyata keçirdikləri proqramlarla bağlı məlumatı iştirakçılarla bölüşəcəklər. Bundan əlavə, səfər çərçivəsində 4 regionu təmsil edən xanımlar Barama İnnovasiya və Sahibkarlıq Mərkəzindəki startap layihələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. İştirakçılar həmçinin sosial sahibkarlıq sahəsində təcrübə qazanmış şəxslərlə tanış olacaq, biznesin ilk illərində uğursuzluqdan qaçmağın yolları mövzusunda müzakirə aparacaqlar.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 10 illik fəaliyyəti dövründə uğurlu biznes mühitinin yaradılması və Azərbaycanın rəqəmsal ekosisteminin inkişaf etdirilməsi istiqamətində bir sıra layihələr həyata keçirərək, beynəlxalq tədbirlərə ev sahibliyi edib. Barama hazırda Azərbaycanın əsas startap inkubasiya mərkəzlərindən biridir və “PAŞA Bank”ın dəstəyi ilə bu istiqamətdə fəaliyyətini genişləndirir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Qərbinfo.az
“Azercell”dən sahibkar xanımlara dəstək






Son Xəbər