XƏBƏR, DÜNYA
31-01-2019, 15:53

Birləşmiş Ştatlarda neft hasilatı azalır

Birləşmiş Ştatlarda neft hasilatı azalır
ABŞ-ın gündəlik xam neft istehsalı azalıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı əvvəlki həftə ilə müqayisədə cüzi azalaraq sutkada 11,9 milyon barrel təşkil edib. Lakin buna baxmayaraq, həmin göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

Beləliklə də Birləşmiş Ştatların gündəlik neft hasilatında son 55 həftənin 13-də azalma qeydə alınıb.

Keçən həftə ABŞ-ın neft idxalı isə əvvəlki həftəyə görə 1,11 milyon barrel azalaraq gündəlik 7,08 milyon barrel olub. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə 91 min barrel geriləyərək sutkada 1,94 milyon barrelə düşüb.

Beynəlxalq Enerji Agentliyi ABŞ-ın dünyanın ən böyük xam neft istehsalçısı olacağını proqnozlaşdırır.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,1 milyon barrel, gələn il isə 12,9 milyon barrel təşkil edəcək.






Son Xəbər