XƏBƏR, MƏDƏNİYYƏT
30-01-2019, 23:26

Klassik ədəbiyyat nümunələrində “dəxi”nin yerinə “daje” desək...

Klassik ədəbiyyat nümunələrində “dəxi”nin yerinə “daje” desək...

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun qədim dillər və mədəniyyətlər şöbəsinin elmi işçisi Rəxşanə Babazadənin “Arxaik uş və dəxi'nin müasir dilimizdə təzahürü” kitabı çap olunub.

İnstitutdan Qərbinfo.az-a bildirilib ki, dillərin qarşılıqlı təsiri, sözlərin dildən-dilə keçməsi, yaxud fərqli dillərdə ortaq sözlərin işlənməsi kimi məsələlərdən bəhs edən yeni nəşr tədqiqatçılar üçün dəyərli mənbədir. Bəzən elə olur ki, hər hansı bir dildən başqa dilə keçmiş söz keçdiyi dilin qanunlarına uyğunlaşdıqdan sonra yenidən əcnəbi söz kimi əvvəlki dilə qayıdır. Bu zaman həmin sözün kökü artıq doğma dil üçün arxaikləşmiş, yaxud mənası artıq unudulmuş ola bilir. Dildə bu cür “alış-veriş” xüsusən türk dilləri ilə rus dili arasında müşahidə edilir.

Müəllif yazır: “Bu gün dilimiz üçün yad sayılan "uje" və "daje" sözlərinin də əslində genetik yaddaşımızda qorunan "uş" və "dəxi" olduğunu düşünürük. Bu sözləri dilimizdən ata bilməməyimizin səbəbi, düşünürəm ki, əslində elə bizim öz dilimizə yad olmamaları ilə bağlıdır. Bunu, belə demək mümkünsə, “şüuraltı yaddaş” və ya “dil yaddaşı” kimi də izah etmək olar. Klassik ədəbiyyatımıza, habelə digər müasir türk dillərinə məqsədyönlü nəzər salsaq, bənzərliyi hər kəs görər. Nümunələrdə “uş”un yerinə “uje”, “dəxi”nin yerinə “daje” desək, məna daha anlaşıqlı olacaq”.






Son Xəbər