XƏBƏR, MƏDƏNİYYƏT
18-01-2019, 22:32

“Son iclas” bədii-sənədli filmi Praqada nümayiş etdirilib

“Son iclas” bədii-sənədli filmi Praqada nümayiş etdirilib
Azərbaycanın Çexiyadakı səfirliyinin təşkilatçılığı ilə Praqa şəhərindəki “Lucerna” kinoteatrında Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Son iclas” bədii-sənədli filmi nümayiş etdirilib.

Qərbinfo.az xəbər verir ki, filmin nümayişindən əvvəl çıxış edən Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev ekran əsəri haqqında məlumat verib. O, filmin 1920-ci il aprelin 27-də XI Qızıl Ordunun ölkəmizə müdaxiləsi əsnasında Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs etdiyini və hökumətin öz son qərarını hansı çətin şəraitdə verməsini əks etdirdiyini bildirib.

Səfir 29 il əvvəl törədilmiş 20 Yanvar faciəsi və “Praqa baharı” zamanı 1969-cu il yanvarın 16-da tələbə Yan Palaxın özünü yandırması hadisəsi ilə paralellər apararaq sovet ordusunun istər Azərbaycana, istərsə də keçmiş Çexoslovakiyaya müdaxiləsinin qanlı nəticələrə səbəb olduğunu xatırladıb. O, 1920-ci ildən fərqli olaraq axıdılan şəhid qanlarının bu dəfə nəticəsiz qalmadığını, xalqımızın milli azadlıq mübarizəsinin cəmi bir il sonra ölkəmizin istiqlaliyyətini əldə etməsi ilə nəticələndiyini vurğulayıb, həmin qurbanların sayəsində bu gün müstəqil Azərbaycan və Çexiya dövlətlərinin sıx şəkildə əməkdaşlıq etdiklərini nəzərə çatdırıb.

Filmin nümayişində Çexiyanın dövlət nümayəndələri, diplomatik korpusun üzvləri, habelə yerli ictimaiyyətin təmsilçiləri və Azərbaycan icmasının çoxsaylı üzvləri iştirak ediblər.

Film tamaşaçıların böyük marağına səbəb olub.






Son Xəbər