XƏBƏR, İQTİSADİYYAT
20-12-2018, 19:20

AZAL Bakıdan Həştərxana birbaşa reysləri bərpa edəcək

AZAL Bakıdan Həştərxana birbaşa reysləri bərpa edəcək
“Azərbaycan Hava Yolları” (AZAL) Aviaşirkəti dördillik fasilədən sonra 2019-cu ilin baharında Bakıdan Həştərxana birbaşa reyslərin bərpa olunmasını planlaşdırır.

Qərbinfo.az
TASS agentliyinə istinadla bildirir ki, bu barədə jurnalistlərə Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin səhaliyyətlərini icra edən Denis Afanasyev məlumat verib.

İlkin plana görə, uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.

D.Afanasyev dekabrın 18-də və 19-da Həştərxan nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarını şərh edərək deyib: “AZAL şirkəti ilə söhbətimiz uğurlu oldu, aviareyslərin 2019-cu ilin baharında bərpa olunması planlaşdırılır. Hazırda texniki məsələlər və marketinq siyasəti müzakirə edilir. İlkin plana görə, reyslər həftədə iki dəfə həyata keçiriləcək, uçuş müddəti isə hava gəmisinin tipindən asılı olaraq 1 saat 15 dəqiqədən 1 saat 30 dəqiqəyə qədər olacaq”.

Nazir qeyd edib ki, Həştərxan ilə Bakı arasında aviareyslərin bərpa olunması məsələsi regionun qubernatoru səlahiyyətlərini icra edən Sergey Morozovun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə müzakirə edilib. Azərbaycan Prezidenti bu təşəbbüsü dəstəkləyib və məsələnin ən qısa müddətdə həll edilməsi barədə tapşırıq verib.

D.Afanasyev bir məqama diqqəti cəlb edib ki, xüsusən Həştərxan vilayəti ilə Azərbaycan arasında qarşılıqlı turizm əlaqələrinin gücləndirilməsi hesabına bu istiqamətin yaxşı perspektivləri var.

D.Afanasyev daha sonra deyib: “Bakı aeroportu həm Şərqə, həm də Qərbə doğru yerdəyişmələr üçün əlaqələndirici liman rolu oynaya bilər. Qiymət siyasəti rəqabətqabiliyyətli, habelə Həştərxan vilayətindən və Rusiyanın digər regionlarından olan sərnişinlər üçün münasib olmalıdır. Biz Qazaxıstanın qərb regionlarından olan sərnişinləri də nəzərdə tuturuq”.

Həştərxan vilayəti ilə Azərbaycan 2009-cu ildən başlayaraq fəal əməkdaşlıq edir. Bu müddətdə Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə abidə ucaldılıb, onun adını daşıyan park, “Rusiya-Azərbaycan dostluğu” piyada körpüsü, “Meçta” əyləncə şəhərciyi, uşaq bağçası açılıb. Azərbaycanda Həştərxan vilayətinin dəstəyi ilə Bakı-Həştərxan dostluq parkı salınıb. 2017-ci ilin yekunlarına əsasən Azərbaycan ilə Həştərxan vilayəti arasında xarici ticarətin bütün göstəriciləri üzrə artım qeydə alınıb. Xarici ticarət dövriyyəsinin həcmi 16 milyon dollardan artıq olub. Bu, 2016-cı ilin göstəricisi ilə müqayisədə 4,3 dəfə çoxdur.






Son Xəbər