XƏBƏR, İQTİSADİYYAT
17-12-2018, 23:29

İnam Kərimov: “Aqrar tədarük və təchizat” ASC-nin yaradılması həyata keçirilən aqrar siyasətin tərkib hissəsidir

İnam Kərimov: “Aqrar tədarük və təchizat” ASC-nin yaradılması həyata keçirilən aqrar siyasətin tərkib hissəsidirKənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir və fermerlərin rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir.

Qərbinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazir bildirib ki, dövlətimizin başçısının müvafiq Fərmanı ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdıracaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının sistemliliyini təmin edəcək: “Prezidentin qarşımıza qoyduğu vəzifələrin icrası üçün fəaliyyətimizdə dörd mühüm prinsipə əsaslanacağıq: aşağı qiymət və dövlət vəsaitinə qənaət etmək; keyfiyyətli məhsul istehsalı və təhlükəsiz qida ilə təminat; ədalətli rəqabət və yerli məhsul istehsalına dəstək; çevik və şəffaf idarəetmənin təşkili. Məqsədlərimizə nail olmaq üçün aqrar tədarük və təchizat sahəsində müasir texnologiyalardan istifadə edəcəyik. Eyni zamanda, yaradılmaqda olan elektron kənd təsərrüfatı informasiya sisteminin imkanlarından yararlanacağıq”.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 14-də “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Fərman imzalayıb.






Son Xəbər