XƏBƏR, İQTİSADİYYAT
12-12-2018, 21:28

Kiçik sahibkarlıq subyektlərinə sürətli amortizasiya normaları tətbiq olunacaq

Kiçik sahibkarlıq subyektlərinə sürətli amortizasiya normaları tətbiq olunacaq
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2019-cu ildən mikro və kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vəsaitlər üzrə sürətli amortizasiya normaları tətbiq ediləcək. Amortizasiyanın tətbiqi mikro və kiçik sahibkarlığın fəaliyyətinin stimullaşdırılmasına xidmət edir.

Bu barədə Qərbinfo.az-a Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən açıqlama verilib.

Məlumata əsasən, ƏDV qeydiyyatında olan şəxslər istisna olmaqla, aparılmış əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olmayan vergiödəyiciləri amortizasiya ayırmalarını Vergi Məcəlləsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxırlar. Buna əsasən həmin kateqoriyaya aid vergiödəyicisi balansında olan əsas vəsaitlərə görə illik amortizasiya normasına 2 əmsal tətbiq etməklə daha artıq məbləği gəlirdən çıxmaq hüququna malikdir.

Kiçik sahibkarlıq subyektləri isə sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Nəticədə bu kateqoriyadan olan vergiödəyicilərinin vergiyə cəlb olunan mənfəətləri azalacaq və onlar dövriyyə vəsaitinə qənaət etməklə öz fəaliyyətlərini genişləndirmək imkanı qazanacaqlar.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyevin sözlərinə görə, qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin və ya fiziki şəxslərin dividend gəlirləri vergidən azaddır. Dəyişikliyə qədər bu kateqoriyaya aid vergiödəyiciləri də xalis mənfəətini öz təsisçiləri arasında bölüşdürərkən onlardan ümumi qaydada 10 faiz dərəcə ilə vergi tutulurdu. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, şəffaf uçot apardıqları halda sahibkarlıq subyektlərinə əlavə vergi güzəştləri veriləcək və onlar tərəfindən təsisçilərinə (payçılarına) ödənilən dividendlər ödəmə mənbəyində 10 faiz dərəcə ilə tutulan vergidən azad olunacaq.






Son Xəbər