XƏBƏR, DÜNYA, MƏDƏNİYYƏT
1-10-2018, 22:27

Mixael Hess: Azərbaycan, mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu, yaxınlaşdığı məkandır

Mixael Hess: Azərbaycan, mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu, yaxınlaşdığı məkandır
Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı artıq başa çatıb.
Festivalda iştirakçı qonaqlar arasında tanınmış alman alimi, nəsimişünas Mixael Hessin də (Michael Hess) var idi. Klassik türkdilli Azərbaycan ədəbi irsi əsrlərdir Qərb şərqşünaslığının da diqqətindədir. Hazırda bu sahənin nüfuzlu araşdırmaçıları sırasında Mixael Hessin də adı ön sıralardadır. Onun Avropa elminin böyük mərkəzlərində klassik irsimizin nümayəndələri ilə bağlı çıxışları və məqalələri qürurvericidir. Daha çox nəsimişünas alim kimi tanınan Hessdə bu sevgi İstanbulda çalışdığı vaxt yaranıb. Böyük Britaniyadan aldığı elektron məktubda Nəsimi şeiriyyəti ilə ilk dəfə tanış olan alim şairin qələminə necə vurulursa, o vaxtdan da Şərqin böyük mütəfəkkirinin irsini araşdırmağa başlayır. Hətta bu haqda elmi iş də yazır. Böyük mütəfəkkir Nəsimiyə sevgisi tanınmış alimi Azərbaycan dilini öyrənməyə də sövq edib. Qerbinfo.az xəbər verir ki, Almaniyalı alim Nəsimi yaradıcılığı ilə bağlı düşüncələrini, Festival və ölkəmizə səfər təəssüratlarını yerli saytlarla bölüşüb.

-Cənab Hess, necə oldu ki, Nəsimi şeiriyyatına vuruldunuz?

- Onun şeirində dərinlik var. Bir duyğu gücü var ki, məncə hətta tərcümədə belə hiss edilir. Nəsiminin şeirlərində o qədər təfərrüat, o qədər söz, o qədər dərin məna var ki, onun hamısını bir tərcümədə vermək mümkün deyil. Çünki onu vermək üçün minlərcə şərhə ehtiyac duyulur. Azərbaycanın çox maraqlı tarixi, mədəniyyəti və ədəbiyyatı var ki, İmadəddin Nəsimi burada xüsusi bir yer tutur. Bu ölkənin mədəniyyət, ədəbiyyat, incəsənət, musiqi nümunələri zəngindir. Azərbaycan ədəbiyyatının ən maraqlı xüsusiyyəti, zənnimcə, tarix və mədəniyyətin birlәşmәsi, milliyi qorumaq şərtilə, Səfəvilər dövründən başlayaraq Rusiya və Qərbin harmoniyasının əks etdirilməsidir. Bu baxımdan böyük Nəsimi yaradıcılığının çəkisi ölçüsüzdür, sonsuzdur. Nəsimi yaradıcılığında hikmət var, bu yaradıcılığa baş vurduqda hər dəfə yeni mətləblərdən agah olursan.

- Bakıda Heydər Əliyev Mərkəzində Sizin “Müasir kontekstdə Nəsiminin dərk olunması” adlı mühazirənizi dinlədik. Siz mühazirədə çox mətləblər toxundunuz, necə düşünürsünüz Nəsimi poeziyasının, xüsusilə Nəsimi fəlsəfəsinin bütün dünyada, eləcə də Avropada təbliğ olunması üçün hansı vacib işlər görülməlidir?

- Nəsiminin mənəvi irsinin dəyərini qiymətləndirmək çox çətindir. Bu irsin bir hissəsini Heydər Əliyev Mərkəzindəki mühazirәmdә açmağa çalışdım. Məsələn, onun dövründə hakim olan dini ehkamdan fərqli Hürufilik təlimini yaydığına görə çəkdiyi əziyyət və faciəli ölümündәn dini tolerantlıq barədə dərslər ala bilərik. Nəsiminin vә şeirlәrinin bir xüsusiyyəti odur ki, onun mütləq həqiqəti axtararkәn göstәrdiyi emosionallıqdır. Bu xüsusiyyət onun şeirlәrinin mayasını təşkil edir. Yaşadığımız dövrdə bir neçə insan belə bir axtarışa çıxıb. Köhnə inanclarda, onların hәyatımızdakı yerində və digər bu kimi xüsuslarda bir neçə dəyişiklik etmək lazımdır. Fikrimcә, Nasımı və digər hürufilərdə belə bir məqsədlə yola çıxıblar.

- Dünyanın çox yerində olan bir alim kimi, Bakıda gördükləriniz, qarşılaşdıqlarınız sizdə hansı hislər doğurdu. Hər gəlişinizdə ölkəmizdə hansı yeniliklərin şahidi olursunuz?

- Dünyanın bir neçə ölkəsində olmuşam. Avropa ölkələrindən tutmuş, Rusiya, Çin, Qazaxıstan, Türkiyəni gəzmişəm. Uşaqlığım demək olar ki, Amerikada keçib. Gəzdiyim ölkələrlə Azərbaycanı müqayisə edərkən bir şeyin şahidi oluram- sizdəki ürəyiaçıqlıq çox xoşuma gəlir. Bakıdan olan dostlarla bir məclisdə olarkən, bu ölkənin qədim tarixi, zəngin mədəniyyəti, tolerantlıq ənənələri barədə söhbətlər edirik və bundan böyük zövq alıram. Azərbaycan, fikrimcə, mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu, yaxınlaşdığı məkandır.

- Sizin tərcümeyi-halınızla tanış olarkən öyrəndik ki, elmi fəaliyyətlə yanaşı, Azərbaycan həqiqətlərinin Avropada, xüsusilə də yaşadığınız Almaniyada yayılmasına çalışırsınız. 20 Yanvar faciəsi, Xocalı soyqırımı və Qarabağın erməni separatçıları tərəfindən işğalı barədə faktların çatdırılmasında aktiv ictimai fəaliyyət göstərirsiniz. Ölkəmizin haqq səsini insanlara çatdıra bilirsinizmi?

- Düşünürəm ki, dəqiq və qərəzsiz tarixi faktlar olmadan sülh və qarşılıqlı anlaşma dünyanın heç bir yerində mümkün deyil. Almaniyanın 1939-1945-ci illərdə Rusiya, Fransa və digər ölkələrdə törətdiyi dəhşəti necə inkar etmək olar? Əgər Almaniya, 1945-ci ildən sonra Fransaya qarşı işlətdiyi cinayətləri qəbul etməsəydi, bu ölkə ilə münasibətlər qura bilməzdi. Keçmişdə törədilən bütün cinayətləri, dəhşətləri olduğu kimi göstərmək lazımdır. Dağlıq Qarabağ ilə əlaqədar olan kitabımı yazmağımın bir səbəbi, Avropada, daha dəqiq desək, Almaniyada Dağlıq Qarabağ münaqişəsi barədə çox az məlumatın mövcudluğu və məlumatların birtərəfli, yəni Azərbaycanın əleyhinə olması idi. Avropalılar Azərbaycanın haqq səsini eşitməli, ərazisinin 20 faizinin işğalda olması ilə bağlı müfəssəl məlumatlara malik olmalıdırlar. O cümlədən, Xocalıda ermənilərin törədikləri dəhşətlər hamıya məlum olmalıdır.

- Hazırda “Qarabağ qarabağlı ədəbiyyatşünaslar və Azərbaycan ədəbiyyatında Qarabağ mövzusuna dair” adlı kitab üzərində işləyirsiniz. Bu kitabda nələrə üstünlük verəcəksiniz ki, onlardan Avropa oxucusu xəbərsizdi?

- Hazırda sözügedən kitab üzərində işləyirəm. Bununla yanaşı, Azərbaycanın tarixi və ədəbiyyatı ilə bağlı digər layihələrim də var. Ümid edirəm ki, Avropa oxucusu bu kitab vasitəsi ilə çox mətləblərdən xəbər tutacaq. Eyni zamanda, Azərbaycan Tərcümə Mərkəzi ilə də əməkdaşlıq edirəm. Əməkdaşlığımızın gələcəkdə də öz töhfəsinin verəcəyinə böyük ümidlər bəsləyirəm.

-Maraqlı müsahibə üçün sağ olun!






Son Xəbər