XƏBƏR, MARAQLI
27-09-2018, 17:51

Bu gün Dünya Dəniz Günüdür

Bu gün Dünya Dəniz Günüdür
27 sentyabr-Birləşmiş Millətlər Təşkilatında beynəlxalq bayramlardan biri olan Dünya Dəniz Günüdür.

Qerbinfo.az xəbər verir ki, 1978-ci ildən etibarən qeyd olunan bu gün Beynəlxalq Dəniz Təşkilatı (IMO) Assambleyasının 10-cu sessiyasının qərarı ilə təsis edilib. Dünya Dəniz Günü 1980-ci ilədək martın 17-də keçirilib. Sonra onun qeydolunma tarixinin sentyabrın sonuncu həftəsinə keçirilməsinə qərar verilib.

Dünya Dəniz Gününün məqsədi qanunsuz balıq ovu, suyun çirklənməsi və qlobal istiləşmə nəticəsində dəniz və okeanlarda meydana gələn bərpa oluna bilməyən dəyişikliklərə beynəlxalq səviyyədə diqqət çəkməkdir. Günün ən mühüm vəzifələri isə dəniz daşımalarında ətraf mühitin təhlükəsizliyini artırmaq, dənizin ətraf mühitini xüsusilə neft çirklənmələrindən qorumaq, bioresursların mühafizəsi və brakonyerliklə mübarizənin qarşısını almaqdır.

BMT-nin məlumatına görə, son 100 il ərzində tuna, treska, marlin kimi balıq növlərinin 90 faizi ovlanıb. İl ərzində dəniz və okeanlara təxminən 21 milyon barrel neft axı. Böyük su obyektlərinə atılan sintetik tullantılar ildə bir milyon dəniz quşunun və 100 min dəniz məməlisinin ölümünə səbəb olur. Son bir əsr ərzində qlobal istiləşmə nəticəsində planetin əsas su obyektlərinin səviyyəsi 10-25 santimetrə qədər artıb. Qlobal ticarətin 80 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Beynəlxalq yükdaşımalar zamanı əksər hallarda dəniz və okeanlardan istifadə edilməsi onların ekosistemlərini pozur. Buna görə də hər il müəyyən bir aktual mövzuya həsr olunmuş Dünya Dəniz Günündə müxtəlif ekoloji tədbirlər, aksiyalar və dünya miqyasında mitinqlər keçirilir. Bu günün cari ildəki şüarı “IMO 70: Mirasımız-Daha yaxşı gələcək üçün daha yaxşı daşınma”dır.

Azərbaycanda da sentyabrın sonuncu həftəsi “Xəzər həftəsi” kimi qeyd olunur.

Tural Əliyev






Son Xəbər