SİYASƏT
24-09-2017, 13:33

İlham Əliyev Neftçala rayonunda

İlham Əliyev Neftçala rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Kür çayından Neftçala magistral kanalı vasitəsilə Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edib.

Qərbinfo.az xəbər verir ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 2004-2008-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilən “Neftçala rayonu üzrə pambıqçılığın və taxılçılığın inkişaf etdirilməsi” tədbirinin icrasını təmin etmək məqsədilə “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən “Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə tikintisi” layihəsinin icrasına 2006-cı ildə başlanılıb. İşçi layihədə rayonun 13 min 400 hektar əkin sahəsinin su təminatını yaxşılaşdırmaq üçün Kür çayı üzərində saniyədə 14,4 kubmetr suyun verilməsi üçün 6 və 2 aqreqatlı 2 üzən nasos stansiyası, uzunluğu 7020 metr və diametri 1220 millimetr olan dördxətli təzyiqli metal boru kəməri, təzyiqli hovuz və uzunluğu 24 min 900 kilometr olan dəmir-beton üzlüklü kanalın qurğularla birlikdə tikintisi nəzərdə tutulub. Neftçala rayonunda iri kənd təsərrüfatı müəssisələrinin və aqroparkların yaradılması ilə əlaqədar 5805 hektar azməhsuldar qış otlaq, eləcə də 1000 hektar dəmyə torpaq sahələrinə suvarma suyunun çatdırılması layihəyə daxil edilib. Bu halda layihə zonasına daxil olan torpaq sahəsi 20 min 205 hektar təşkil edir. Ayrılan vəsait hesabına Kür çayında 6 aqreqatlı üzən nasos stansiyası, onun elektrik təchizatı məqsədilə 29,1 kilometr uzunluğunda 35 kV-luq elektrik hava xətti, hərəsi 6300 KVA gücündə olmaqla 2 transformator yarımstansiyası quraşdırılıb. Nasos stansiyaları quraşdırılan ərazidə Kür çayının sahilinin mühafizəsi məqsədilə uzunluğu 204 metr olan ikicərgəli yığma dəmir-beton və monolit dəmir-beton konstruksiyalı svaylarla bərkidilmə işləri yerinə yetirilib. Eyni zamanda, Kür çayından suyun Neftçala kanalına verilməsi üçün nəzərdə tutulmuş dördxətli metal boru kəmərinin ümumi uzunluğu 3550 metr olan iki xəttinin, onların Salyan-Neftçala dəmir yolu və Baş Mil-Muğan Kollektoru ilə kəsişmələrindəki qurğularının və sonundakı təzyiqli hovuzun, Neftçala magistral kanalının 13 min 490 metrlik hissəsinin dəmir-beton üzlükdə tikintisi tamamlanıb. Görülən işlər nəticəsində cari ildə rayonun ümumilikdə 7772 hektar, o cümlədən yığcam yerləşən 5805 hektar qış otlaq sahəsi və 1000 hektar dövlət, bələdiyyə və xüsusi mülkiyyətə məxsus yeni suvarılacaq torpaq sahəsi su mənbəyi ilə təmin edilib, eləcə də 967 hektar mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılıb ki, bu da həmin ərazilərdə pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradıb. Növbəti mərhələdə layihəyə uyğun Kür çayında iki aqreqatlı üzən ikinci nasos stansiyasının və təzyiqli boru kəmərinin qalan iki xəttinin, 11400 poqonmetr uzunluğunda Neftçala magistral kanalının dəmir-beton üzlükdə tikintisinin və digər işlərin başa çatdırılması ilə Neftçala rayonunun daha 12433 hektar əkin sahələrinin su təchizatının yaxşılaşdırılması təmin ediləcək.

Prezident İlham Əliyev əkin sahələrinə suvarma suyunun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

12:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

Son illərdə ölkəmizdə səhiyyə sahəsinin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının inşası və mövcudlarının əsaslı bərpası geniş vüsət alıb. Neftçala Mərkəzi Rayon Xəstəxanasının binasının yenidən qurulması da bu prosesin ardıcıl xarakter aldığını təcəssüm etdirir. Bu səhiyyə ocağının yenidənqurmadan sonra istifadəyə verilməsi rayon sakinlərinin keyfiyyətli səhiyyə xidmətindən istifadəsinə kömək edəcək.

Qərbinfo.az xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına Mərkəzi Rayon Xəstəxanasında aparılan yenidənqurma işləri barədə məlumat verdi.

Bildirildi ki, xəstəxananın binası 1989-cu ildə inşa olunub. Ümumi ərazisi 5 hektar olan Mərkəzi Rayon Xəstəxanasının yenidənqurma işlərinə 2013-cü ildə başlanılıb və 2017-ci ildə başa çatdırılıb.

Xəstəxanadakı 11 şöbədə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaq. Cərrahiyə, travmatologiya, terapiya, doğum, qadın məsləhətxanası, pediatriya, intensiv terapiya, infeksion xəstəliklər, anesteziologiya, reanimatologiya, hemodializ, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, poliklinika, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib.

Xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib. Burada 620 tibb işçisi çalışacaq. Onların 82-si həkim, 249-u orta tibb işçisidir.

Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya standartlarına uyğun tibbi yardımdan bəhrələnməsini təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir. Bu sahəyə hər il böyük həcmdə investisiyalar yatırılmaqdadır. Bütün bunlar həm də onu göstərir ki, son illərdə səhiyyə sahəsində yaşanan genişmiqyaslı dəyişiklik bu sektorun dünyanın müasir tibbi texnika və avadanlıqları ilə təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı, qaraciyərin köçürülməsi və digər bu kimi mühüm nailiyyətlərə imza atıb. Ötən illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıqlar, ilk növbədə, bir məqsədə - Azərbaycan əhalisinin sağlam olması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev əhaliyə tibbi xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin Neftçala Mərkəzi Rayon Xəstəxanasındakı Mobil Diaqnostika Kompleksi ilə də tanış oldu.

11:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də 110/35/6 kV-luq “Neftçala” yarımstansiyasının açılışında iştirak edib.

Qərbinfo.az xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. “Neftçala” yarımstansiyasında 40 MVA gücündə iki transformator quraşdırılıb, açıq və qapalı paylayıcı qurğular inşa edilib, bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli avtomat rele mühafizə sistemi yaradılıb. Yarımstansiyada növbətçi işçi heyət üçün müvafiq olaraq mühafizə, texniki xidmət və idarəetmə otaqları inşa edilib, lazımi şərait yaradılıb. Yarımstansiyanın ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Bildirildi ki, şəhərin və rayonun su təsərrüfatını elektrik enerjisi ilə təmin edən 35 kV-luq yarımstansiyanın məhz “Neftçala” yarımstansiyasından qidalandırılması nəzərdə tutulub. Bundan əlavə, Neftçalada yeni yaradılan Sənaye Məhəlləsi bu yarımstansiyadan qidalanacaq ki, onun tələbatı 5 MVA təşkil edir. Həmçinin “Neftçala” yarımstansiyasından rayonun böyük bir hissəsi, xüsusən də dövlət əhəmiyyətli obyektlər, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektlər və əhali abonentləri elektrik enerjisi ilə təmin olunur.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

Bildirildi ki, 2015-2017-ci illər ərzində Neftçala rayonu ərazisində 35/6 kV-luq yeni “Şəhər” yarımstansiyası tikilib. Eyni zamanda, 35 kV-luq “Xoşçobanlı” yarımstansiyasına əlavə transformatorlar quraşdırılıb. Bundan başqa, 35 kV-luq “Bankə”, “Xıllı” və “Xoşçobanlı” yarımstansiyalarında da ciddi təmir işləri aparılıb. Eyni zamanda, 300-ə yaxın 10/6 kV-luq transformator məntəqəsi də təmir edilib. “Azərişıq” ASC yaradıldıqdan sonra ümumilikdə Neftçala rayonunda 43 kilometr 110 kV-luq, 7 kilometr 35 kV-luq, 45,5 kilometr 10/6 kV-luq izolyasiyalı naqillər xətti çəkilib. Ümumilikdə 5 kənddə və şəhər mərkəzində 0,4 kV-luq şəbəkələrdə tam kabelləşmə işləri aparılıb və bir neçə kənddə bu işlər hazırda da davam edir. Həmçinin Neftçala Elektrik Şəbəkəsinin yeni inzibati binası inşa edilib. Yeni binada əməkdaşların operativ fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. Neftçala yarımstansiyasının ərazisində əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb, yüksək keyfiyyətli asfalt salınıb.

Ən son texnologiyalara əsaslanan bu cür layihələrin reallaşdırılması bölgələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayır.






Son Xəbər