MƏDƏNİYYƏT
6-10-2018, 20:19

“Lələtəpədə yazılan dastan” filminin nümayişi olub

“Lələtəpədə yazılan dastan” filminin nümayişi olub
Aprel şəhidi Fəxrəddin Qurbanlının xatirəsinə həsr olunan “Lələtəpədə yazılan dastan” qısametrajlı sənədli filminin təqdimatı olub.

Fəxrəddin Qurbanlının təhsil aldığı universitetdə baş tutan tədbirdə şəhidin ailə üzvləri, dostları, müəllim və tələbə yoldaşları iştirak ediblər.

Qərbinfo.az xəbər verir ki, əvvəlcə layihəni rəhbəri, "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Rövşən Ağamalıyev film haqqında məlumat verib. Bildirib ki, “Lələtəpədə yazılan dastan” filmi "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb. Rövşən Ağamalıyev söyləyib ki, filmin hazırlanmasında əsas məqsəd vətən uğurunda canlarını fəda edən şəhidlərimizi gənclərə, ümumiyyətlə cəmiyyətə daha yaxından tanıtmaqdır.

Tədbirdə digər çıxış edənlər də şəhidin həyatından, tələbəlik illərindən, hərbi xidməti dövründə bacarıqlı əsgər olmasından danışıblar. Diqqətə çatdırılıb ki, Fəxrəddin Qurbanlı 1994-cü ilin yanvarın 13-də Bakı şəhərində anadan olub. Fəxrəddin Qurbanlı 2011-ci ildə orta təhsilini başa vurub və Azərbaycan Universitetinin "Sosial iş" fakültəsinə daxil olub. Fəxrəddin Qurbanlı 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Çıxışlardan sonra “Lələtəpədə yazılan dastan” filmi nümayiş etdirilib.






Son Xəbər