İQTİSADİYYAT
5-06-2019, 23:58

Ermənistan silahlı birləşmələrinin atəşi nəticəsində zərər dəymiş evlərin bərpası davam etdirilir

Ermənistan silahlı birləşmələrinin atəşi nəticəsində zərər dəymiş evlərin bərpası davam etdirilir
Ağdam rayonunun təmas xəttinə yaxın olan yaşayış məntəqələrində Ermənistan silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində zərər dəymiş evlərin bərpası davam etdirilir. Bərpa işləri Prezident İlham Əliyevin "Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2018-ci il 5 noyabr tarixli Sərəncamına əsasən aparılır.

Ağdam Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsindən Qərbinfo.az-a bildirilib ki, bərpa ediləcək 121 evdən 23-ü Çəmənli, 11-i Qaradağlı, 9-u Mahrızlı, 9-u Sarıcalı, 7-si Hacıməmmədli, 7-si Məmmədbağırlı, 7-si Orta Qərvənd, 7-si Təzəkənd, 6-sı Evoğlu, 6-sı İsalar, 5-i Ayaq Qərvənd, 5-i Əfətli, 4-ü Çıraxlı, 4-ü Rzalar, 3-ü Əhmədağalı, 3-ü Mirəşülli, 3-ü Zəngişalı, 1-i Kolqışlaq, 1-i Şükürağalı kəndlərindədir. Artıq 85 evdə əsaslı bərpa işləri başa çatdırılıb. Bu evlərdə dam örtüyü, döşəmə, tavan, qapı və pəncərələr dəyişdirilib, malyar işləri görülüb. Həmin evlər sakinlərin istifadəsinə verilib. Qalan 36 evdə də təmir işlərinə başlanılıb.

Təmas xəttinə yaxın olan yaşayış məntəqələrində zərər dəymiş evlərin dövlət başçısının Sərəncamına əsasən bərpa edilməsi cəbhəyanı kəndlərin sakinləri tərəfindən böyük razılıqla qarşılanıb. Mahrızlı kəndində məskunlaşan Xocalıdan məcburi köçkün Emil Mirzəliyev AZƏRTAC-a müsahibəsində deyib: “Xocalı işğal olunandan bu kənddə məskunlaşmışıq. Şəraitimiz yaxşı deyildi. Kəndə düşən mərmilərin partlaması nəticəsində evimiz daha da qəzalı vəziyyətə düşmüşdü. Çətin şəraitdə yaşayırdıq. Dövlətimizin başçısına minnətdarıq. Evimiz yenidən tikildi. Bütün işlər yüksək keyfiyyətlə görülüb. Hazırda tamamlanma işləri aparılır. Tezliklə rahat, təmirli mənzildə yaşayacağıq".

Rzalar kənd sakini Həsən Şirinovun ailəsi isə artıq bərpa edilmiş mənzillərində yaşayır. Həsən Şirinov görülən işlərdən razılıqla danışıb: “Biz cəbhə bölgəsinin sakinləri dövlətimizin qayğısını daim üzərimizdə hiss etmişik. Cəbhəyanı yaşayış məntəqələrində zərər dəymiş evlərin bərpa edilməsi də dövlətimizin biz sakinlərə qayğısının göstəricisidir. Prezidentimizin Sərəncamına əsasən bizim evimiz də yüksək səviyyədə bərpa edildi. Artıq ailəmlə birgə üç otaq və mətbəxdən ibarət evimizdə yaşayırıq. Ailəm adından Prezidentimizə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Sərəncama əsasən Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.






Son Xəbər